Əyləncəli idman oyunları keçirilib

İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında əyləncəli idman oyunları üzrə birincilik keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Atletika Federasiyasının birgə təşkilatçılığı əsasında reallaşan yarışma məktəblilərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb.
Əyləncəli idman oyunları “TOPS-1”, “MEQA” və “Cəngavərlər döyüşü” mərhələlərindən ibarət olub. İki gün davam edən birinciliyin qalibi Qarnizon tam orta məktəbinin komandası olub. Naxçıvan şəhər 5 və 17 nömrəli məktəblərin təmsilçiləri yarışı müvafiq olaraq ikinci və üçüncü sıralarda tamamlayıblar. Adıçəkilən komandaların üzvləri diplomla təltif olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti